(+99412) 597-45-20
REKTOR ERASMUS LAYİHƏSİNİN İŞTİRAKÇISI OLAN ATU TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Erasmus layihəsi çərçivəsində xarici ölkələrdə praktika keçən və yeni təcrübə proqramına hazırlaşan tələbələrlə görüşüb.

Görüşdə iştirak edən II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Vahidi Səid ötən tədris illərində yaz və payız semestrini Litva Sağlamlıq Elmləri Universitetinin tibb fakültəsində praktikada olduğunu bildirib. O, Kaunas şəhərində yerləşən tibb müəssisəsində əldə etdiyi təcrübə haqqında məlumat verib və sonda rektora yaradılan şərait üçün təşəkkürünü bildirib.

ATU-nun Əczaçılıq fakültəsinin III kurs tələbəsi Türkanə Əliyeva isə 2023-2024-cü tədris ilinin yaz semestrini Anadolu Universitetinin əczaçılıq fakültəsində keçirəcəyini qeyd edib. Yaxın günlərdə proqramda iştirak məqsədilə Eskişehirə yola düşəcəyini bildirən tələbəmiz bu imkana görə universitet rəhbərliyinə minnətdarlığı bildirib. 

Bu gün ATU-nun dünyanın bir çox tanınmış universitetləri ilə ortaq layihələr reallaşdırdığını  deyən professor G.Gəraybəyli bu əlaqələrin tələbələrin təcrübəsinin artırılması və inkişafının gücləndirilməsinə yönəldiyini qeyd edib. ATU-nun rektoru professor Gəray Gəraybəyli tələblərə uğurlar arzulayaraq, onları fəal olmağa, yaradılan hər bir imkandan yararlanmağa çağırıb.